SİYASƏT
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Martın 4-də Dövlət Komrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaus Qrevlixi qəbul etmişdir.
Görüşdə Azərbaycan-Almaniya ticarət əlaqələrinin intensivləşdirilməsi məqsədi ilə görüləcək işlər, ölkələrimiz arasındakı ticarətin həcmini əks etdirən statistik məlumatların hesablanması metodologiyalarındakı fərqlər və bunların gələcəkdə aradan qaldırılması üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılmışdır.
Bildirilmişdir ki, Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsinin həcmi artmaqda davam edir, ölkələrimizin iş adamlarının qarşılıqlı əlaqələri genişlənir.
Dövlət Komrük Komitəsinin sədri Kəmaləddin Heydərov qeyd etmişdir ki, ölkələrimizin ixracata dair məlumatları, Azərbaycandan Almaniyaya göndərilən xam neft nəzərə alınmadıqda, üst-üstə düşür. Almaniya gömrük təşkilatının göstəricilərinə görə, 2001-ci ildə Azərbaycandan bu ölkəyə ixracın həcmi təqribən 223,3 milyon dollar təşkil etmişdir. Bunun da 210,6 milyon dolları xam neftin payına düşür. 12,7 milyon dolları isə digər məhsulların hesabına olmuşdur.
Azərbaycanın gömrük statistikasında Almaniyaya ixracın həcmi 2001-ci il üçün təqribən 12,8 milyon dollar təşkil edir. Ancaq bunun tərkibində xam neft nəzərə çarpmır. Çünki xam neftin ixrac-idxalı barədə məlumatlar gömrük statistikasında bəyannamələr üzrə aparılır.
Azərbaycanın xam nefti İtaliyada Aralıq dənizindəki Mediterrannean birjası vasitəsilə satılır. Neft Azərbaycan Respublikasında yüklənərkən sənədlərdə son təyinat məntəqəsi kimi İtaliya limanları göstərilir. Almaniya və digər Avropa ölkələrinə Azərbaycandan ixrac edilən xam neft bəyannamələrdə İtaliyaya ixrac kimi qeydə alınır. İtaliyaya göndərilən 210,6 milyon dollarlıq xam neftin dəyərini Almaniyanın gömrük statistikasında Azərbaycandan idxalın dəyərindən çıxdıqda, yerdə qalan digər mallar üzrə məbləğlər Azərbaycanın gömrük göstəricilərindəki rəqəmlərlə üst-üstə düşür.
Xam neft ixracı barədə də heç bir fərqin yaranmaması üçün Kəmaləddin Heydərov Almaniya və Azərbaycan gömrük orqanları arasında informasiya mübadiləsi barədə müvafiq sazişin hazırlanmasını və imzalanmasını sürətləndirməyi təklif etmişdir. Gömrük orqanları arasında əməkdaşlıq barədə müvafiq sazişin imzalanmasına da ehtiyac olduğu vurğulanmışdır.
K.Heydərov Azərbaycanda fəaliyyət göstərən Almaniya iş adamları ilə Dövlət Gömrük Komitəsində görüş keçirməyi məqsədəuyğun hesab etmişdir.
Almaniyanın Azərbaycandakı səfiri bu təklifi dəstəkləmişdir. Cənab K.Qrevlix demişdir ki, alman investorlarının Azərbaycanın iqtisadiyyatının gücləndirilməsində iştirakı mühüm nəticələr verəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.