DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan-İran arasındakı əlaqələrin özünəməxsus xüsusiyyətləri vardır. Cənub qonşumuz olan İranla ölkəmizi təkcə coğrafi yaxınlıq birləşdirmir, eyni zamanda zəngin və çoxşaxəli tariximiz, adət-ənənələrimiz, din yaxınlığımız, tarixən təşəkkül tapmış ənənəvi mehriban qonşuluq telləri bağlayır. Xalqlarımız arasında bu sıx bağlılıq həm də iki ölkə arasında hərtərəfli ticarət - iqtisadi əlaqələrin genişləndirilməsini ön plana çıxarır.
Avqustun 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general polkovniki Kəmaləddin Heydərov respublikamızda işgüzar səfərdə olan İran İslam Respublikasının Ticarət-Sənaye Palatasının sədri Seyid Əli-Nağı Xamuşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də hər iki ölkə arasında dostluq, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində görülən və yaxın gələcəkdə görülməsi nəzərdə tutulan məsələlər müzakirə olunmuşdur.
Qonaqları səmimiyyətlə salamlayan və onları Azərbaycanda görməkdən məmnun qaldığını söyləyən DGK sədri K.Heydərov, iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün həqiqətən böyük imkanlar olduğunu vurğulayaraq, ölkəmizin İranla iqtisadi əlaqələrə böyük əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.
Bu ilin may ayında Azərbaycan Prezidenti Heydər Əliyevin İrana rəsmi səfərindən sonra iki ölkə arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən addımların atıldığını qeyd edən K.Heydərov, eyni zamanda hər iki ölkənin gömrük orqanları arasında yaranan sıx əməkdaşlıqdan bəhs etmişdir.
Azərbaycan iqtisadiyyatında İran iş adamlarının iştirakına, iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi və s. məsələlərə toxunan Komitə sədri, ölkəmizdə sərmayə qoyuluşuna zəmanət verən mühüm sənədlərin qəbulunun biznesin inkişafına ciddi təkan verdiyini, Dövlət Gömrük Komitəsində İran İslam Respublikasının nümayəndə heyətləri ilə keçirilən görüşləri, Bakıda İsfahan malları sərgisinin keçirilməsində Dövlət Gömrük Komitəsinin yaxından iştirak etdiyini xatırlayaraq, bütün bunların istər qarşılıqlı əlaqələrin inkişafında, istərsə də İran şirkətlərinin Azərbaycanda öz fəaliyyətlərini daha da genişləndirməsində müsbət rol oynadığını söyləmişdir.