Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə ilk test imtahanı keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birgə iyulun 12-də dövlət icra məmuru vəzifəsinə qəbul üzrə test imtahanı keçirib.
AZƏRTAC xəbər verir ki, imtahanda namizədlərə ümumilikdə 100 sual təqdim olunub. Onlardan 60-ı icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericilik, 40-ı isə məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqlarını qiymətləndirən suallardır. Qanunvericilik üzrə hər sual 1, digər bölmə üzrə isə hər sual 0,5 balla qiymətləndirilir. Keçid balı 55 müəyyən edilib.
İmtahanda Bakı və regionlardan 523, Naxçıvan Muxtar Respublikasından isə 104 namizəd iştirak edib.
Müxbir - Şəlalə Camal