DÖVLƏT KOMİSSİYASININ İCLASINDA
İclası Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov açaraq demişdir ki, həmin Sərəncam Prezidentin hakimiyyətdə olduğu 100 gün ərzində imzaladığı ən vacib sənədlərdən biridir. Bu sənəd ümummilli liderimiz Heydər Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərmanların davamıdır. O vaxt Dövlət Neft Fondundan ayrılmış 359 milyard manat vəsait hesabına 5 çadır düşərgəsi ləğv edilmiş, minlərlə qaçqın və məcburi köçkün ailəsi üçün yeni qəsəbələr salınmışdır. Prezident İlham Əliyevin indi imzaladığı Sərəncamı işğal altında olan rayonlarımız azad edilənə və məcburi köçkünlər öz doğma yurdlarına qayıdana qədər Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisində yük vaqonlarında yerləşdirilmiş Ağdam və digər rayonlardan olan 3860 məcburi köçkün ailəsinin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılmasını və yeni qəsəbələrdə məşğulluğunun təmin edilməsini nəzərdə tutur.
Komissiya üzvləri - təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Əli İnsanov, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, kənd təsərrüfatı naziri səlahiyyətlərini icra edən İrşad Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev çıxış edərək, Sərəncamın əhəmiyyətini bir daha vurğulamış, Prezident İlham Əliyevin sonuncu çadır düşərgələrini də ləğv edəcəyini söyləmişlər.
İclacda konkret vəzifələr müzakirə olunmuşdur.