DÖVLƏT KOMİSSİYASININ NÖVBƏTİ YIĞINCAĞI
Martın 7-də Azərbaycan-Gürcüstan birgə dövlət komissiyasının növbəti yığıncağı keçirilmişdir.
Gürcüstanlı qonaqlar Sınıq körpü gömrük məntəqəsində mehribanlıqla qarşılandılar. Sonra Qazax rayonunda Azərbaycan-Gürcüstan birgə dövlət komissiyasının yığıncağı keçirildi. Milli siyasət məsələləri üzrə dövlət müşaviri, birgə dövlət komissiyasının həmsədri Hidayət Orucov yığıncağı giriş sözü ilə açaraq, qonaqları salamladı və ötən dövr ərzində respublikamızda görülən işlərdən danışdı. Sonra Gürcüstan Prezidentinin millətlərarası münasibətlər üzrə köməkçisi, birgə dövlət komissiyasının həmsədri Aleksi Gerasimov çıxış edərək, ölkələrimiz arasında münasibətlərin yeni yüksələn xətlə inkişaf etməsində Prezident Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin əvəzsiz xidmətlərindən söhbət açdı.
Yığıncaqda bildirildi ki, dövlət komissiyasının təşkil edildiyi 1998-ci ildən bəri qonşu respublikalarımızın bütün sahələrdə əlaqələri daha da möhkəmlənmiş, təhsil, mədəniyyət və digər sahələrdə nəzərə çarpacaq dərəcədə irəliləyiş vardır.
Yığıncaqda əldə olunmuş müvəffəqiyyətlərlə yanaşı həllini gözləyən problemlərdən də ətraflı söhbət getdi. Qeyd edildi ki, bu problemlər əsasən hər iki respublika müstəqillik qazandıqdan sonra keçid dövrünün iqtisadi çətinlikləri ilə bağlıdır.
Yığıncaqda məktəblilərin təhsili, onların dərsliklərlə təminatı, pedaqoji kadrların hazırlığı vəziyyəti də ətraflı təhlil edildi, hər iki ölkə vətəndaşlarının sərhəd keçid məntəqələrində qarşılaşdıqları problemlərin həlli üçün müxtəlif təkliflər irəli sürüldü.
Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Rəfael Mirzəyev, Qax rayon icra hakimiyyətinin başçısı Xəyyam Məmmədov, Azərbaycan Təhsil Nazirliyinin idarə rəisi Arif Muradov, Qazax rayon icra hakimiyyətinin başçısı Əsəd Orucov, Gürcüstan Dövlət Dəftərxanasının millətlərarası münasibətlər şöbəsinin müdiri Teymuraz Çanturişvili, təhsil nazirinin müavini Tamaz Tatişvili, Kvemo Kartli - Borçalı bölgəsi qubernatorunun birinci müavini Əli Yüşbaşon və başqaları çıxış edərək, hər iki ölkənin dostluq, qardaşlıq ənənələrinə söykənən əməkdaşlığının bundan sonra da genişləndirilməsinin vacibliyindən danışdılar.
Azərbaycan-Gürcüstan birgə dövlət komissiyasının Qazaxda keçirilən yığıncağında ölkəmizin Tbilisidəki səfiri Hacan Hacıyev, Gürgüstanın Bakıdakı səfiri Zurab Qumberidze iştirak edirdilər.
Sabir Əliyev
AZƏRTAC-ın “Gəncəbasar “
informasiya mərkəzi