Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ADAU-da təhsil alan əcnəbi tələbələrlə görüşüblər
Gəncə, 22 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin Gəncə Regional Miqrasiya İdarəsi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələr üçün maarifləndirici tədbir təşkil edib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edən universitetin Baytarlıq fakültəsinin dekanı Şəlalə Zeynalova bildirib ki, Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi istiqamətində əsaslı tədbirlər həyata keçirilir.
Sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından danışıblar.
Tədbirdə Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyətlər haqqında da məlumat verilib.
Sonda əcnəbi tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.