Dövlət qoruğunda çətənə bitkisinin əkilməsi faktı aşkar olunmuşdur
Bakı, 16 aprel (AZƏRTAC). Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 1 saylı dolayının ərazisində narkotik xassəli çətənə bitkisinin əkilməsi faktı aşkar edilmişdir. Qoruğun mühafizə yegeri tərəfindən aşkar olunan bu fakt barədə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qoruğunun əməkdaşları tərəfindən aprelin 11-də əraziyə baxış keçirilən zaman 1 kvadratmetr sahədə parnik və müxtəlif ölçülü qablarda uzunluğu 2-10 santimetr olan 130 ədəd narkotik maddəli bitki olması ehtimal edilən şitillər müəyyən edilmişdir. Sahəyə fototələlər yerləşdirilərək ərazi nəzarətə götürülmüşdür. Növbəti gün əraziyə yenidən baxış keçirən qoruq əməkdaşları bir nəfər naməlum şəxsin sahədən uzaqlaşdığını müşahidə etmişlər. Bu barədə dərhal Balakən Rayon Polis İdarəsinə məlumat verilmişdir. Eyni zamanda, sahəyə yerləşdirilmiş fototələlər vasitəsilə əldə olunmuş görüntülər polis əməkdaşlarına çatdırılmışdır. Polisin keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs qismində Balakən rayonunun Mazımqara kənd sakini Məhəmməd Balzalov yaxalanmışdır. Faktla bağlı istintaq tədbirləri aparılır.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.