Dövlət qulluqçuları Ağbulaq İstirahət Mərkəzində olublar
Şahbuz, 7 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qulluqçularının Ağbulaq İstirahət Mərkəzinə istirahətlərinin təşkili artıq ənənə halını alıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu dəfə mərkəzin qonaqları Naxçıvan Muxtar Respublikası Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları olublar. Onlar həftəsonu istirahətlərini burada keçiriblər. İstirahət müddətində dövlət qulluqçuları mərkəzlə yaxından tanış olub, onlar üçün yaradılan şəraitdən istifadə ediblər. Rahat və geniş istirahət mərkəzində müxtəlif stolüstü və əyləncəli oyunlarda iştirak edib, film izləyiblər. Qonaqlara milli mətbəximizin zəngin və ləziz təamları təqdim olunub.
Ötən şənbə və bazar günləri mərkəzdə, ümumilikdə 60-dan çox dövlət qulluqçusu istirahət edib.
Qeyd edək ki, bundan əvvəl - iyunun 5-6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, 12-13 iyun tarixlərdə Naxçıvan Muxtar Respublikası Səhiyyə və Vergilər nazirliklərinin kollektivləri, 19-20 iyunda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, 26-27 iyun tarixlərdə isə Naxçıvan Qarnizonunun kollektivləri mərkəzdə olublar.