Martın 12-də Milli Məclisin iclasında “Dövlət qulluqçularının pensiya təminatı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilmişdir. Layihə ilə bağlı məlumat verən parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli demişdir ki, birinci oxunuşdan sonra komissiyaya ictimaiyyət nümayəndələri tərəfindən çoxlu təklif daxil olmuşdur. İşçi qrupu rəy və təklifləri müzakirə edərək, bəzilərini nəzərə almışdır. Layihənin yeni variantında “Dövlət pensiyası almaq hüququ olan şəxslər” adlanan 2-ci maddəyə 2.2. bəndi əlavə edilmişdir. Əlavədə deyilir: “Bu qanun Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirin müavini, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavini, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə şamil olunur”. Əvvəlki layihədə isə Baş nazir və onun müavinləri, eləcə də digər sadalananlar siyasi vəzifə kimi qeyd olunduğu üçün bu qanun onlara şamil olunmurdu.
Pensiyanın təyin olunma məbləği ilə bağlı 6-cı maddəyə də dəyişiklik edilmişdir. Həmin dəyişiklikdə deyilir ki, dövlət qulluqçusu pensiyaya çıxdıqda ona dövlət qulluğu vəzifəsindəki 5 ildən 10 ilə qədər iş stajına görə dövlət məvacibinin 60 faizi, 10 ildən 15 ilə qədər olan staja görə 70 faizi, 15 ildən yuxarı olan stajı üçün dövlət məvacibinin 80 faizi məbləğində pensiya hesablanır.
Qanun həmçinin 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında çalışanlara da şamil olunur.
Müzakirələr zamanı deputatlar bəzi maddələrə yenidən baxılmasını təklif etmişlər.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, komissiyanın sədri Hadi Rəcəbli rəy və təkliflərə münasibət bildirdikdən sonra layihə maddə-maddə səsə qoyularaq, ikinci oxunuşda qəbul olunmuşdur.