Dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışına yekun vurulub
Bakı, 19 fevral, AZƏRTAC
Dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə kişilər və qadınlar arasında iki gün davam edən yarışda 28 dövlət qurumundan 60 əməkdaş (4 qadın, 56 kişi) iştirak edib.
Yekun nəticələrə görə, kişilər arasında Ramil Musayev və Toğrul Mahmudov (hər ikisi SOCAR) birinci olublar. Elvin Şirinov və Natiq Orucov (hər ikisi Dövlət Gömrük Komitəsi) yarışı ikinci, İlham Həsənov və Fərid İsrafilov (hər ikisi Azərbaycan Respublikasının Milli Məclisi), Kamil Əsgərov və Kamil Həsənov (hər ikisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) isə üçüncü pillədə başa vurublar.
Xatırladaq ki, qadınların mübarizəsində isə Fatimə Quliyeva (SOCAR) birinci, Qumru Məmmədova (Gənclər və İdman Nazirliyi) ikinci, Nailə Xanlarova (Gənclər və İdman Nazirliyi) və İlahə Hacıyeva (SOCAR) isə üçüncü olublar.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd dövlət qurumlarında çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkili və onlar arasında sağlam həyat tərzinin təbliğidir.