DÖVLƏT RƏMZLƏRİNİN QORUNMASINDA HAMI FƏALLIQ GÖSTƏRMƏLİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dəyirmi masada nazirlik və dövlət komitələrinin nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin rəhbərləri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər dövlət rəmzlərinin əhəmiyyətindən, onların təbliğ olunması işindəki nöqsanlardan, bu atributlara olan münasibətdən, həmin sahədə görülməsi zəruri olan tədbirlərdən danışmışlar. Natiqlər bildirmişlər ki, dövlət rəmzlərinin müəyyən edilmiş ölçüləri və rənglərinin dəyişdirilməsi yolverilməzdir. Lakin bəzi hallarda ölçülərdən kənar düzəldilmiş dövlət bayrağına rast gəlinir. Elə hallar da olur ki, hətta dövlət bayrağının üzərindəki rənglər də tam düzgün seçilmir.
Çıxış edənlər, həmçinin dövlət rəmzləri, onların əhəmiyyəti, mənası barədə cəmiyyətdə maarifçilik işinin zəif aparıldığını bildirmişlər. Qeyd olunmuşdur ki, bu işdə qeyri-hökumət təşkilatları, ictimai birliklər və kütləvi informasiya vasitələri fəallıq göstərməlidirlər. Lakin təəssüf ki, ölkəmizdəki söz və mətbuat azadlığından istifadə edən bəzi qəzetlərdə dövlət rəmzləri, onların mənası barədə həqiqətə uyğun olmayan qərəzli materiallar dərc etdirilir.
Natiqlər dövlət rəmzləri haqqında qanun layihələrinin Milli Məclisin hazırkı sessiyasının iş planına daxil olunmasını yüksək dəyərləndirmişlər. Qeyd olunmuşdur ki, maarifləndirmə işləri gücləndirilməli, dövlət rəmzlərinin qorunması və onlara hörmətlə yanaşılmasını təmin etmək üçün bütün vətəndaşlar fəal olmalıdırlar.
Axırda dəyirmi masa iştirakçıları adından respublika əhalisinə ünvanlanmış bəyanat qəbul edilmişdir.