Dövlət satınalmalarında qeyri-rezident təchizatçılarla bağlı qaydalar təkmilləşdirilir
Bakı, 13 iyul, AZƏRTAC
Milli Məclis “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin iyulun 13-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Bildirilib ki, dəyişikliyə əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər təklifləri ilə birlikdə icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri barədə əsaslandırılmış müraciətlərini satınalma komissiyasına təqdim edə bilərlər. Bununla yanaşı, layihədə göstərilir ki, satınalma komissiyası nəzarət orqanının bir mənbədən satınalma metodunun tətbiqinə dair razılığını aldıqdan sonra müraciətlər əsasında, habelə belə müraciətin edilmədiyi hallarda öz təşəbbüsü ilə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulan qeyri-rezident hüquqi və ya fiziki şəxs tərəfindən icra və avans təminatının ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə, satınalma komissiyasını formalaşdıran satın alan təşkilat 10 iş günü müddətində bununla bağlı əsaslandırılmış müraciətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edir. Həmin orqan isə 20 iş günü ərzində qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qərar qəbul edir. Qərarın qəbul edildiyi tarixdən 12 ay ərzində həmin qeyri-rezident hüquqi və ya fiziki şəxsdən eyni satın alan təşkilat tərəfindən eyni satınalma predmetinin satın alınmasına tələbat yarandıqda, həmin təchizatçıya münasibətdə icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilmə barədə qərarın qəbul edilməsi tələb olunmur.