Dövlət Sosial Müdafiə Fondunun direktoru tənha ahıl qadınları evlərində ziyarət edib
Bakı, 7 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov tənha yaşayan və hazırda sosial-məişət xidməti göstərilən qadınların evlərinə gedərək, onlarla görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhər sakinləri 83 yaşlı Firuzə Bağırova və 77 yaşlı Tükəzban Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə nazirlik adından təbrik edilib, onlara hədiyyələr təqdim olunub.
Fond direktoru xanımlarla söhbət edərək, onların həyat şəraiti, qayğıları ilə maraqlanıb. Göstərilən sosial-məişət xidməti ilə bağlı onların rəyini öyrənib.