Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsinin qurbanları yad olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, mərasimdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qətliam insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Sovet ordusu əsgərlərinin Bakıda törətdiyi bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət olduğunu, doğma Azərbaycanımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağı bildirilib.
T.Budaqov vurğulayıb ki, bu hadisəyə ilk siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verib, faciədən dərhal sonra hadisənin obyektiv araşdırılmasını və faciəyə hüquqi qiymət verilməsini o zamankı Sovet rəhbərliyindən tələb edib. Ümummilli Liderin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinə dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir.
Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov qeyd edib ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Bu faciəni törətməklə totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu.
Daha sonra çıxış edənlər komitənin qiymət statistikası şöbəsinin baş məsləhətçisi Yeganə Səfərova, Elmi-tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Saleh Mövlamov erməni millətçilərinin ölkəmizə qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulması, yüzlərlə insanın həlak olması, yaralanması, həbs edilməsi, itkin düşməsi barədə ətraflı məlumat veriblər.