Dövlət, vətəndaş cəmiyyəti və biznesin əməkdaşlığı sosial sabitliyi təmin edir
Bakı, 27 aprel, AZƏRTAC
Müasir inkişaf mərhələsində dövlət, vətəndaş cəmiyyəti və biznesin təcrid olunmuş vəziyyətdə fəaliyyət göstərməsi ağlasığmazdır.
Bunu AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən BMT İnkişaf Proqramının idarəçilik və sülh quruculuğu üzrə qrup direktoru və regional qrup rəhbəri Ozonniya Ojielo deyib.
Qrup direktoru fikrinin davamında bildirib: “Bu gün iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq heç bir dövlət əhalinin bütün tələbatını ödəməyə qabil deyil. Bu vəzifənin bir hissəsini vətəndaş cəmiyyəti və özəl biznes öz üzərinə götürüb. Obyektiv vəziyyəti nəzərə alaraq, əməkdaşlıq etmədiyi təqdirdə, məlum məqsədə çatmaqda bu tərəflərin də aciz olması aydındır. Sosial məsuliyyətli olmadığı, inkişafın və ümumən bütün vətəndaş cəmiyyətinin məqsədlərini nəzərə almadığı halda biznes də effektivliyə və uğura ümid edə bilməz. Vətəndaş cəmiyyəti isə biznesin dəstəyi olmadan fəaliyyət göstərə bilməz. Dövlət qarşılıqlı əməkdaşlığa təşviq edən müvafiq şəraiti yaratmalıdır”.
O.Ojielo qeyd edib ki, əhalinin həyat keyfiyyəti və sabitlik hakimiyyət, vətəndaş cəmiyyəti və biznesin tərəfdaş münasibətləri sisteminin effektivliyindən asılıdır.