CƏMİYYƏT
DSX-nin Sərhəd Nəzarəti Komandanlığında mediatur keçirilib – YENİLƏNİB VİDEO
Komandanlıq COP29-a tam hazırdır
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də media nümayəndələrinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığında mediatur keçirilib.
AZƏRTAC xəbər verir ki, mediatur DSX-nin Sərhəd Nəzarəti Komandanlığının fəaliyyətinin müxtəlif aspektlərini jurnalistlərə əyani şəkildə göstərmək məqsədilə təşkil olunub.
DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev komandanlığın yaranma tarixi və xidməti fəaliyyəti haqqında məlumat verib: “Sərhəd Nəzarəti Komandanlığının əsas vəzifələri dövlət sərhədindən buraxılış məntəqələri ilə hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət sərhədindən buraxılışı, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınmasından ibarətdir”.
Daha sonra jurnalistlərə komandanlığın nailiyyətlərini əks etdirən film nümayiş edilib.
Mediatur çərçivəsində media nümayəndələri və hərbi ekspertlər Sərhəd Nəzarəti Komandanlığının sənədlərdə saxtakarlığın aşkar edilməsi üçün səyyar təlim qurğusu, səyyar radiasiya aşkar etmə avadanlığı, Sərhəd Nəzarətinin videomüşahidə və qaynar xətt mərkəzi, Sərhəd Nəzarətinin nəzdində kurslara cəlb olunmuş heyət üçün tədris sinifləri, xidməti və istirahət otaqları, konfrans və idman zalları, yeməkxana, Sərhəd Nəzarətinin Heydər Əliyev Beynəlxalq Aeroportundakı əməkdaşlarının iş fəaliyyəti ilə tanış olublar.
Daha sonra komandanlığın kapitanı Hüseyn Qənbərli dövlət sərhədində narkotik vasitələrin və partlayıcı maddələrin aşkar olunması üçün xüsusi hazırlanmış xidməti itlər barədə məlumat verib: “Narkotik vasitələrin, partlayıcı maddələrin və izlərin axtarışı üçün daha çox xüsusi təlim keçmiş alman çoban, Belçika malinois itlərindən istifadə olunur. Bu cinslər qoxuların hiss olunması və axtarış üzrə daha yüksək iş qabiliyyətinə malikdirlər. Onlar öz iş fəaliyyətlərini yekunlaşdırdıqdan sonra mühafizə sahəsinə yönləndirilirlər”.
Mayor Nicat Cahidzadə isə Sərhəd Nəzarətinin Komandanlığının COP29 beynəlxalq konfransına tam hazır olduğunu deyib: “Komandanlıq COP29-la əlaqədar ölkəmizə gələn xarici qonaqların pasport nəzarətindən sürətli keçidini təmin edilməsi üçün xüsusi texniki təchizatla və nəzarət avadanlıqları ilə təmin olunub, zəruri tədbirlər görülüb və bütün tapşırıqlar tam olaraq icra edilib.
COP29 vizası ilə gələn xarici vətəndaşlar üçün yoxlanış 45 saniyə, Azərbaycan vətəndaşları üçün isə 30 saniyə nəzərdə tutulub. Artıq işçi qüvvəsinin sayı artırılıb və onlar gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, COP29 tədbiri zamanı hər hansı fövqəladə hal yarandığı halda sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər görülüb”.