DÜNYA BANKI AZƏRBAYCANDA İRİ LAYİHƏLƏRİ MALİYYƏLƏŞDİRİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda səfərdə olan Dünya Bankının (DB) davamlı inkişaf sektorunun müdiri Piter Tomsonun rəhbərlik etdiyi nümayəndə heyəti nazir Heydər Babayevlə görüşmüşdür.
Görüşdə Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın mövcud vəziyyəti, bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin gedişi və inkişaf perspektivləri müzakirə olunmuşdur.
Heydər Babayev Azərbaycanda beynəlxalq maliyyə qurumları, eləcə də Dünya Bankı ilə əlaqələrin inkişafına böyük önəm verildiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, indiyədək Dünya Bankının maliyyə dəstəyi ilə ölkəmizdə ümumi məbləği 450 milyon ABŞ dolları olan 16 layihə həyata keçirilmiş, hazırda isə dəyəri 537 milyon ABŞ dolları təşkil edən 18 layihə icra olunmaqdadır. 2006-cı ildə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında “2007-2010-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası”na əsasən, bu illərdə ölkədə müxtəlif sahələrin inkişafı və yenidənqurulması istiqamətində daha 16 layihənin həyata keçirilməsinə də DB tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.
Dünya Bankı missiyasının rəhbəri Piter Tomson bankın Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə etmiş və əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu bildirmişdir. Piter Tomson Dünya Bankının strukturunda aparılan dəyişiklik barədə məlumat verərək bildirmişdir ki, Bankın infrastruktur sektoru ilə ətraf mühit sektoru birləşdirilmiş və davamlı inkişaf sektoru yaradılmışdır. Növbəti 3 ildə Azərbaycanda həyata keçiriləcək layihələrin 80 faizi məhz bu sektor vasitəsilə maliyyələşdiriləcəkdir.
Görüşdə, həmçinin qeyd edilmişdir ki, artıq “Magistiral Yol-2” layihəsi təsdiq edilmiş, “Kənd təsərrüfatının inkişafı və kreditləşməsi-2” və “Abşeronun ekoloji təmizlənməsi” layihələri üzrə isə ilkin razılıq əldə olunmuşdur. Son iki layihə ilə bağlı ilin sonuna qədər protokol danışıqlarına başlanacağı gözlənilir. Tomson nazirlik tərəfindən təqdim olunan “Bərk tullantıların idarə olunması” layihəsinin də müzakirə olunduqdan sonra növbəti illərdə “Abşeronun ekoloji təmizlənməsi” proqramına daxil ediləcəyini vurğulamışdır.
Heydər Babayev Azərbaycanın region üçün mühüm əhəmiyyət kəsb edən bir sıra iri beynəlxalq layihələrin iştirakçısı olduğunu xatırladaraq, hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı görülən işlər barədə qonaqları məlumatlandırmış və bu iri layihənin həyata keçirilməsinə Dünya Bankının da dəstək verəcəyinə ümid etdiyini vurğulamışdır.
Müzakirələrdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak və bankın region üzrə baş iqtisadçısı Kristian Petersen da iştirak etmişlər.