Dünya birinciliyində tarix yazan gənc cüdoçularımız Vətənə qayıdıblar
Bakı, 23 oktyabr, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən gənclər arasında dünya birinciliyində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Qeyd edək ki, 83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.