Dünya çempionu olan ağırlıqqaldıran: Mənə göstərilən etimadı doğrultmağa çalışacağam
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycanın ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionu Tehran Məmmədov Vətənə qayıdıb.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, Qətərin Doha şəhərində keçirilən yarışdan qayıdan atlet Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə qarşılanıb.
Millinin baş məşqçisi Sərdar Həsənov nəticəyə görə çox xoşbəxt olduğunu bildirib: “Özüm 2008-ci ildə bu yarışda gümüş medal qazanmışdım. İndi Tehranın çempionluğu məni bir baş məşqçi kimi çox sevindirir. Qarşıda bizi çətin yarışlar gözləyir. Məqsədimiz dəyişmir. Hər yarışda bacardığımızın ən yaxşısını etməyə çalışacağıq”.
Tehran Məmmədov isə yarışın onun üçün çox uğurlu alındığını söyləyib: “Çempion adını qazandım. Bu uğurda federasiya rəhbərliyinin diqqəti, məşqçilərin böyük zəhməti var. Bundan sonra da mənə göstərilən etimadı doğrultmağa çalışacağam”.