DÜNYADA İDMANIN İNKİŞAFINA AZƏRBAYCANDAKI KİMİ DİQQƏT YETİRİLƏN AZ ÖLKƏ TAPILAR
Nazir qonağa respublikamızda idmanın inkişafı və olimpiya hərəkatının genişləndirilməsi üçün görülən işlər barədə ətraflı məlumat verərək bildirdi ki, Azərbaycanın Baş naziri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə idman intensiv inkişaf edir, bu sahədə xeyli uğur qazanılmışdır.
Təkcə bu il Azərbaycanda bir neçə Avropa çempionatı və beynəlxalq turnir keçirilmişdir. 2004-cü ildə isə ölkəmizin paytaxtında keçiriləcək üç lisenziya turnirindən biri taekvondo üzrə olacaqdır. Bu, Azərbaycan idmanının böyük nailiyyətlərinə və onun dünyadakı nüfuzuna dəlalət edir.
Hazırda taekvondo dünyada geniş yayılmış idman növlərindən biridir. Bu növ üzrə dünya çempionatında Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar.
Dünya Taekvondo Federasiyasının prezidenti Un Yonq Kim səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edərək, Azərbaycana ilk səfərindən razı qaldığını bildirdi. O vurğuladı ki, Azərbaycanın taekvondo ustaları digər keçmiş sovet respublikalarına nisbətən daha çox uğur qazanmışlar. 1995-1997-ci illərdə taekvondo üzrə beynəlxalq yarışlarda Azərbaycan idmançılarının qələbələri sensasiya kimi dəyərləndirilirdisə, indi adi hal kimi qəbul olunur.
Qonaq Azərbaycanda idmanın inkişafından danışaraq dedi ki, son bir neçə gün ərzində ölkədə iki olimpiya kompleksinin açılması barədə məlumat almışdır. Bu, Prezident Heydər Əliyevin Azərbaycanda apardığı böyük işlərdən xəbər verir. Onun sayəsində respublika qısa müddətdə böyük inkişaf yolu keçmiş və idman sahəsində fərəhləndirici uğurlar qazanılmışdır. DTF-nin prezidenti vurğuladı ki, dünyada idmanın inkişafına Azərbaycandakı qədər diqqət yetirilən az ölkə tapılar.
O həmçinin bildirdi ki, hazırda Azərbaycanda taekvondo üzrə dünya və Avropa çempionatlarını yüksək səviyyədə keçirmək üçün hər cür şərait var.