“DÜNYANIN BİR CÜT GÖZÜ. RƏSUL RZA” KİTABI FARS DİLİNDƏ NƏŞR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda həmin nəşrlərin sırasına daha bir kitab əlavə edilmişdir. İranda Murtuza Məcdfərin farscaya tərcüməsində “Dünyanın bir cüt gözü. Rəsul Rza” adlı kitab oxuculara təqdim olunmuşdur. Həmin kitaba şairin “Rənglər” silsiləsini təşkil edən 33 şer daxil edilmişdir.
Fars və Azərbaycan dillərində bir çox kitabların müəllifi olan Murtuza Məcdfər bundan əvvəl Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Nüsrət Kəsəmənlinin də ayrı-ayrı şerlərini farscaya çevirmişdir.
İran təqvimi ilə 1382-ci ildə (miladi 2004) Tehrandakı “Nəşreqo” yayım evində işıq üzü görən Rəsul Rza “Rənglər”inə yazdığı müqəddimədə Murtuza Məcdfər bu silsilənin farscaya tərcüməsi üzərində 4 ay işlədiyini, böyük Azərbaycan söz ustasının yaradıcılığına isə 20 ildən artıq bir müddətdə vurğun olduğunu bildirmişdir.
“Hər rəng bir tablo yaratmış, bu tablolar rəng əvəzinə inci dəyərli sözlərlə kağız üzərində meydana gəlmişdir. Bəzən bir sözün farsca qarşılığını tapmaq üçün gecə və gündüz təlaş keçirdim. Bu işdə nəinki lüğətlərə, hətta qoca nənə və babalara da bəzi incəlikləri, folklor təbirlərini dəqiqləşdirmək üçün müraciət etməli oldum” yazan tərcüməçi kitabın sonuna bir sıra kəlmələrin izahı ilə bağlı ayrıca lüğət də əlavə etmişdir.