DÜNYANIN ƏN YÜKSƏK HƏYAT KEYFİYYƏTİNƏ MALİK ŞƏHƏRİ HANSIDIR?
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, beynəlxalq “Mercer” agentliyi 2008-ci il üçün dünya şəhərlərinin həyat keyfiyyəti hesabatını açıqlamışdır. Dünyanın 215 şəhərinin əks olunduğu reytinq cədvəlinə, ötən illərdə olduğu kimi, bu il də, əsasən, Avropa şəhərləri liderlik edirlər. Dəyərləndirmə siyasi, sosial və iqtisadi təminat, ekoloji təmizlik, təhlükəsizlik, tibbi xidmət, nəqliyyat sistemi, asudə vaxt üçün şərait və sair (ümumilikdə 39) parametrlər əsasında aparılır.
İsveçrənin Sürix şəhəri - ardıcıl olaraq yeddinci dəfə dünyanın ən yüksək həyat keyfiyyətinə malik şəhəri sayılmışdır. Sonrakı yerləri müvafiq olaraq Vyana, Cenevrə, Vankuver və Oklend şəhərləri tutur. İlk onluqdakı digər yerlərin sahibləri isə Düsseldorf, Münxen, Frankfurt, Bern və Sidney şəhərləridir. Siyahıda ən sonuncu yerdə Bağdad şəhəri durur.
Agentlik tərəfindən şəhərlərin təhlükəsizliyi barədə hazırlanmış ayrıca hesabata Lüksemburq şəhəri başçılıq edir. Həmin siyahıdakı sonrakı yerlərdə Bern, Cenevrə, Helsinki, Sürix və Vyana gəlir. Bağdad təhlükəsizlik üzrə də dünyanın ən az reytinqə malik şəhəridir. Nayrobi (Keniya), Karaçi (Pakistan) və Kinşasa (Konqo) şəhərləri Bağdadla müqayisədə daha “təhlükəsiz” hesab olunmuşlar.