DÜNYANIN TANINMIŞ FİQURLU KONKİSÜRƏNLƏRİ BAKIDA “BUZ SİMFONİYASI” ADLI ŞOU PROQRAMLA ÇIXIŞ ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, mayın 1-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində dünyanın tanınmış fiqurlu konkisürənlərinin iştirakı ilə “Buz simfoniyası” adlı şou keçirilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva şounu izləmişdir.
Əvvəlcə giriş sözü söyləyən dünya və Avropa çempionu İlya Averbux bir neçə gündən sonra Azərbaycan xalqının ulu öndər Heydər Əliyevin 85 illik yubileyini qeyd edəcəyini xatırlatdı, Prezident İlham Əliyevin Azərbaycan idmanına böyük diqqət və qayğısını vurğuladı.
İlya Averbuxun quruluşu əsasında hazırlanan “Buz simfoniyası” həqiqətən möhtəşəmliyi ilə yadda qaldı. Dünyanın tanınmış idman ulduzlarının iştirakı ilə keçən şouda hər bir çıxış tamaşaçıların hərarətli alqışları ilə qarşılanırdı.
Olimpiya çempionları Tatyana Navka-Roman Kastamarov, Olimpiadanın gümüş mükafatçıları İrina Lobaçova-İlya Averbux, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları Tatyana Totmyanina-Maksim Marinin, Mariya Petrova-Aleksey Tixonov, Yelena Leonova-Andrey Xvalko, Litvadan Marqarita Drobyazko-Povilas Vanaqas duetlərinin, Olimpiya çempionları Yevgeni Plyuşenko, Aleskey Yaqudin, ikiqat dünya və yeddiqat Avropa çempionu İrina Slutskaya və digərlərinin şouda çıxışı, İlya Averbuxun dediyi kimi, Bakını dünyanın qibtəedici şəhərlərindən birinə çevirmişdi.
Azərbaycan idmançıları, əsasən, ABŞ və Rusiyada yaşayan, Bakıda nadir hallarda görünən Kristin Freyzer və İqor Lukaninin çıxışı da böyük maraqla qarşılandı.
Sonda Fransadan və Gürcüstandan olan fiqurlu konkisürənlər də öz proqramlarını nümayiş etdirdilər.
######
![]() |
![]() |

