REGİONLAR
Düşmən səhər saatlarında Ağdamın yaşayış məntəqələrini atəşə tutub FOTO
Ağdam, 30 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri oktyabrın 30-da səhər saatlarında Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyib.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri düşmənin hədəfə aldığı kəndlərə gedərək, sakinlərlə həmsöhbət olub. Sarıçoban kənd sakini Məhərrəm Heydərov bildirib ki, döyüş meydanında müzəffər ordumuz qarşısında aciz qalan düşmən kəndləri, mülki şəxsləri artilleriya atəşinə tutur: "Səhər saat 6 radələri idi, evdə yatmışdıq. Güclü partlayış səsinə yuxudan oyandıq. Çölə çıxanda gördüm ki, su çəni deşilib. Məlum oldu ki, mərmi həyətimizə düşüb. Yaxınlıqda olan qardaşımın evinə və yardımçı tikilisinə daha çox ziyan dəyib. Düşmən istəyir ki, terror əməlləri ilə dinc sakinlərə ziyan vursun, bizi qorxutsun. Lakin bilsinlər ki, bu xain hərəkətləri ilə istəklərinə çata bilməyəcəklər".
Erməni hərbçilərinin ən çox atəşə tutduqları yaşayış məntəqələrindən biri Əhmədağalı kəndidir. Bu gün səhər saatlarında kənd növbəti dəfə düşmənin artilleriya atəşinin hədəfi olub. Düşmənin atəşi nəticəsində kənd sakini Məhəmməd Quliyevin də evinə və təsərrüfatına ziyan dəyib. O deyib: "Səhər kəndimiz atəşə tutuldu. Mərminin partlaması nəticəsində tövlədəki mal-qaradan biri tələf olub, 10-u yaralanıb. Tövlə dağılıb, evə ziyan dəyib".
Eyvaz Allahverdiyev düşmən təxribatlarının onları qorxutmadığını bildirib. “Düşmən demək olar ki, hər gün kəndimizi atəşə tutur. Bu gün səhər də kəndimiz atəşə tutuldu. Kəndin ərazisinə, ümumilikdə 10-dan çox mərmi düşdü. Dağıntılar var. Lakin bu bizi narahat etmir. Tək istəyimiz ordumuzun qələbə çalması, işğal altında olan torpaqlarımızın azad edilməsidir”, - deyə o qeyd edib.