“ƏDƏBİYYATLARIN BİRLİYİ” YAZIÇILARIN YENİ ASSOSİASİYASIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, assosiasiyanın nizamnaməsi qəbul edilmiş, yazıçı, tənqidçi və şair Həsən Quliyev yekdilliklə qurumun sədri, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Alina Talıbova məsul katibi seçilmişlər.
Assosiasiyanın üzvü, Rus icması sədrinin müavini, “Azərbaycan oğulları” ədəbi silsiləsinin yaradıcısı Viktor Tatarenkonun sözlərinə görə, Rusiya-Azərbaycan ədəbi-mədəni əlaqələrinə töhfə vermək istəyən hər bir yaradıcı şəxs assosiasiyaya qəbul oluna bilər. Yeni qurum çərçivəsində iki ölkənin ədəbi əlaqələrini möhkəmləndirməyə kömək edən birgə mədəni tədbirlər, o cümlədən Azərbaycan və rus ədiblərinin yubileylərini, yeni kitabların təqdimatını, elmi-praktiki konfranslar keçirmək nəzərdə tutulur.
“Ədəbiyyatların birliyi” assosiasiyası hələ təsis yığıncağından xeyli əvvəl Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi ilə birlikdə Bakıda “Tehran-43: Qələbəyə doğru addım”, “Qafqaz döyüşü: Qələbəyə yol” adlı elmi konfranslar, Qusarda rus dili və ədəbiyyatı müəllimləri üçün elmi-praktiki seminar və s. keçirmişdir.
Yığıncaqdan sonra “Üzü Rusiyaya doğru” adlı poeziya gecəsi keçirilmişdir. Gecədə bakılı şairlər- Yelizaveta Qasımova, Əkrəm Məlikov, Sevinc Heydərova, Lyudmila Boqatıryova, Valentina Əfəndiyeva, Stanislav Savelyev, Aleksandr Rakov və assosiasiyanın üzvü, aktrisa Həmidə Ömərova şerlərini oxumuşlar.