ƏDLİYYƏ FƏALİYYƏTİ AŞKARLIQ VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİ ƏSASINDA QURULUR
AZƏRTAC xəbər verir ki, həmin fərmanların icrası ilə bağlı qarşıda duran vəzifələr avqustun 19-da Ədliyyə Nazirliyinin geniş Kollegiya iclasında müzakirə edilmişdir.
İclasda “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanın bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyət daşıdığı, ədliyyə işinə göstərilən xüsusi diqqət və qayğının növbəti təzahürü olduğu vurğulanmışdır. Eyni zamanda, sənədin ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsinə, fəaliyyətin aşkarlıq və şəffaflıq prinsipləri əsasında qurulmasına, əhaliyə göstərilən hüquqi yardımın yaxşılaşdırılmasına xidmət etdiyi, hər bir ədliyyə işçisinin üzərinə yüksək məsuliyyət qoyduğu bildirilmişdir.
Ədliyyə və məhkəmə sahəsində həyata keçirilən kompleks islahatların, o cümlədən bölgələrdə ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinin yerli əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdıracağına, habelə regionların sosial-iqtisadi inkişafına, xüsusilə yerli hüquqşünasların işlə təmin olunmasına, əhaliyə keyfiyyətli hüquqi yardım göstərilməsinə təkan verəcəyi vurğulanmışdır.
İclasda çıxış edən ədliyyə işçiləri dövlətimizin başçısının adı çəkilən fərmanlarını dərin minnətdarlıq hissi ilə qarşılayaraq, ədliyyə orqanlarına göstərilən bu yüksək etimadı layiqincə doğruldacaqlarını söyləmişlər.
Kollegiya iclasında ədliyyə fəaliyyətinin yüksək tələblər səviyyəsində qurulması və Prezidentin fərmanlarının icrası ilə bağlı zəruri tədbirlər müəyyən olunmuş, konkret tapşırıqlar verilmişdir.