Efiopiya Azərbaycan ilə parlamentlərarası əlaqələri inkişaf etdirməkdə maraqlıdır
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin parlamentinin sədri Abadulla Gemeda ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb və bunun üçün geniş potensialın mövcud olduğu qeyd edilib.
A.Gemeda Efiopiyanın Azərbaycanla parlamentlərarası əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu, qarşılıqlı şəkildə dostluq qruplarının yaradılması və qarşılıqlı səfərlərin təşkili üçün Efiopiya tərəfinin hazır olduğunu bildirib.
Elman Abdullayev Azərbaycanın böyük iqtisadi uğurlara imza atdığını, ölkəmizin beynəlxalq arenada nüfuzunun artması nəticəsində beynəlxalq təşkilatlarda mühüm yer tutduğunu, hər il müxtəlif mötəbər tədbirlərə ev sahibliyi etdiyini söyləyib. Bu il ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyini xatırladan səfir ölkəmizin diplomatiyasının coğrafiyasının genişləndiyini və xarici siyasətimizdə Afrika dövlətləri ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyini vurğulayıb.
Görüşdə Azərbaycanla Efiopiya arasındakı münasibətlərin güclü bazasının olduğu və Azərbaycan universitetlərindən 500-ə yaxın efiopiyalının məzun olduğu bildirilib.
2013-cü ildə ölkəmizdə səfərdə olduğunu, Azərbaycanın sürətli və hərtərəfli inkişafının ona çox yaxşı təəssürat bəxş etdiyini qeyd edən A.Gemeda ölkəmizin nailiyyətlərini yüksək qiymətləndirib. Parlamentin sədri böyük iqtisadi gücə və potensiala malik olan Azərbaycanın işgüzar dairələrini Efiopiyada mövcud olan investisiya layihələrində iştirak etməyə dəvət edib və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb.