SİYASƏT
Əfv Sərəncamı Ümummilli Liderin siyasətinə və irsinə verilən böyük dəyərdir – Politoloq
Bakı, 10 may, AZƏRTAC
Artıq illərdir ki, bayramlar və əlamətdar günlərlə bağlı əfv və amnistiya aktları qəbul edilir. Prezident İlham Əliyev bu dəfə Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümü ərəfəsində Əfv Sərəncamı imzaladı. Heç şübhəsiz, bunu da dövlətimizin başçısının humanizm siyasətinin və Azərbaycanın ali məqsədinin göstəricisi kimi qiymətləndirmək olar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.
“Cinayət Məcəlləsinə əsasən əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxslər barəsində Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfv aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənə bilər. Həmçinin Konstitusiyaya görə, əfv aktı imzalamaq Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətlərinə aiddir”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, Əfv Sərəncamı 801 məhkuma şamil olunub ki, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalardan azad edilib. Bu müstəqillik tariximizdə ən əhatəli əfv aktdır. Əsası elə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş əfv institutunun yaradılması nəticəsində bu zamana qədər 69 əfv, 12 amnistiya aktı qəbul olunub, nəticədə minlərlə məhkum müxtəlif dərəcəli cəzalardan azad edilib.
“Əfv hüquqi termindir, leksik mənası bağışlamaqdır. Şərq və İslam ölkəsi olaraq Azərbaycanda günah edən insanı bağışlamaq böyük keyfiyyət və dəyər kimi nəzərə alınır. Hər il ənənə halını alan əfv və amnistiya aktlarının qəbulu ilə məhkumların azadlığa çıxaraq cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilmələrinə şərait yaradılır. Bu da cəmiyyət tərəfindən sevinclə qarşılanmaqla yanaşı, dövlətin ali məqsədinə olan inamı daha da artırır.
Ümumiyyətlə, ölkəmizdə demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması, ədalətli məhkəmə sisteminin formalaşması, dünyəvi dövlət quruculuğu Prezident İlham Əliyev siyasətinin başlıca prioritetləri sırasındadır. Bu istiqamətdə həm qanunvericilik bazasının yeni, müasir tələblərə uyğun şəkildə qurulması, həm də ədalət mühakimə vəzifəsini həyata keçirən məhkəmələrin, penitensiar xidmət mərkəzlərinin infrastrukturunun son texnoloji nailiyyətlərə əsasən yaradılması, həmçinin hüquqi dövlətin qurulması istiqamətində görülən işlər dövlətimizin başçısının iradəsinin ifadəsidir. Eyni zamanda, Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Əfv Sərəncamının imzalanması Ümummilli Liderin siyasətinə, irsinə verilən böyük qiymət, onun bu istiqamətdə qoyduğu ənənənin davamıdır”, - deyə Y.Hacızadə vurğulayıb.