Egey, Qara dəniz və Dunay hövzəsini birləşdirəcək yeni multimodal nəqliyyat dəhlizinin inkişafına başlanılıb
Buxarest, 8 iyul, AZƏRTAC
Rumıniyanın “Agrobiznes” nəşri yazır ki, Yunanıstan, Bolqarıstan və Rumıniya Egey dənizi, Qara dəniz və Dunay hövzəsini birləşdirəcək yeni multimodal nəqliyyat dəhlizinin inkişafına başlayıblar. Avropa nəqliyyat şəbəkəsinin (TEN-T) tərkib hissəsi olacaq layihənin məqsədi Cənub-Şərqi Avropada nəqliyyat əlaqələrini gücləndirmək, logistika axınlarını sürətləndirmək və regionun iqtisadi inteqrasiyasını dərinləşdirməkdir.
AZƏRTAC xəbər verir ki, məqalədə yeni dəhlizin üç əsas marşrut üzrə formalaşdırılacağı qeyd olunur. Qərb marşrutu Afina və Salonikini Sofiya, Vidin, Kalafat, Krayova və Buxarestlə birləşdirəcək. Mərkəzi marşrut Saloniki və Aleksandrupolisdən başlayaraq Svilenqrad və Ruse vasitəsilə Buxarestə, oradan isə Ukrayna sərhədindəki Siret və Moldova ilə sərhəddə yerləşən Ungeniyə qədər uzanacaq. Şərq marşrutu isə Aleksandrupolisi Burqas və Varna limanları vasitəsilə Rumıniyanın Konstansa limanı ilə əlaqələndirəcək.
“Agrobiznes” yazır ki, layihənin əlaqələndirilməsi məqsədilə Yunanıstan, Bolqarıstan və Rumıniya “Black Sea–Aegean Corridor Platform” (BACP) adlı birgə platforma yaradacaq. Bu mexanizm sərhədyanı infrastruktur layihələrinin planlaşdırılması, maliyyələşdirilməsi və icrasının koordinasiyasını təmin edəcək.
Nəşrin məlumatına görə, təşəbbüsün əsas məqsədi Egey dənizi, Qara dəniz və Dunay hövzəsi arasında fasiləsiz logistika şəbəkəsi formalaşdırmaq, yük və sərnişin daşımalarının səmərəliliyini artırmaq, həmçinin regionun Avropa nəqliyyat sisteminə inteqrasiyasını gücləndirməkdir. Layihənin həm iqtisadi inkişaf, həm də regional təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıdığı vurğulanır.
Məqalədə qeyd olunur ki, yeni dəhliz təkcə üç ölkə arasında əlaqələri gücləndirməyəcək, həm də Mərkəzi Avropa, Qara dəniz hövzəsi və Şərq tərəfdaşlığı ölkələri arasında nəqliyyat imkanlarını genişləndirəcək. Layihə Avropa İttifaqının kritik infrastrukturun inkişafı, ticarət marşrutlarının şaxələndirilməsi və hərbi mobilliyin artırılması strategiyasına da uyğun gəlir.
“Agrobiznes” vurğulayır ki, yeni nəqliyyat dəhlizi Azərbaycan üçün də mühüm perspektivlər yaradır. Çünki Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Xəzər hövzəsindən Avropaya daşınan yüklər gələcəkdə bu marşrutdan istifadə etməklə Egey və Qara dəniz limanlarına daha operativ çıxış əldə edə biləcək. Bu isə Azərbaycanın Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirə bilər.