“Ekol Mühəndislik Xidmətləri” QSC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Bakı, 26 may, AZƏRTAC
SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 28 May - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Respublika Gününə həsr edilən video-çarx nümayiş etdirilib.
Müəssisənin baş direktor Ramil Əliyev Şərqdə ilk demokratik müsəlman respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik əzmini nümayiş etdirməsi, siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olduğu deyib. O, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında eləcə də Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasəti nəticəsində müstəqilliyimiz daha da möhkəmlənərək demokratik, hüquqi və dünyəvi dövlətə çevrildiyi haqda ətraflı danışdı.
Tədbirdə çıxış edələr Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə geniş məlumatlar verib, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində müasir müstəqil Azərbaycanın bundan sonra daha da inkişaf edəcəyi, ərazi bütövlüyümüzün təmin olunacağı, bayrağımızın dünyanın inkişaf etmiş dövlətlərinin bayraqları sırasında daim dalğalanacağına əminlik ifadə edilib.
Çıxışçılar cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövrlərdə həyata keçirdiyi tədbirlər nəticəsində müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, 70 illik fasilədən sonra 1991-ci ildə SSRİ-nin süqutu və xalqımızın milli azadlıq hərəkatı nəticəsində yaranmış əlverişli tarixi bir şəraitdə Azərbaycanın öz dövlət müstəqilliyini elan etdiyini və Xalq Cümhuriyyətinin varisi elan olunduğunu bildiriblər.