“Ekol Mühəndislik Xidmətləri” QSC ilə İtaliyanın“Diemme S.P.A” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir
Bakı, 15 avqust (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a verilən məlumata görə, qurumun baş ofisində İtaliyanın “Diemme S.P.A.” şirkətinin nümayəndələri - Danilo Bettoli və Davide Collini ilə görüş olmuşdur. QSC-nin baş direktoru Ramil Əliyev qonaqlara şirkət haqqında məlumat vermişdir. O, bu gün Azərbaycanda neftlə çirklənmiş torpaqların təmizlənməsinin geniş vüsət aldığını və bu sahəyə yeni texnika və texnologiyaların tətbiq olunmasına zərurət yarandığını qonaqların diqqətinə çatdırmışdır. Baş direktor İtaliyada ezamiyyətdə olarkən “Diemme S.P.A.” şirkətinin “neftlə çirklənmiş torpaqların yuma üsulu ilə təmizlənməsi qurğusu” ilə tanış olduğunu və bu qurğunun böyük maraq doğurduğunu qeyd etmişdir.
Qonaqlar Bakı şəhəri, eləcə də QSC-nin istehsalat sahələri ilə tanışlığın onlarda xoş təəssürat yaratdığını vurğulamışlar. Sonra görüş iştirakçıları neftlə çirklənmiş torpaqların təmizlənməsi metodları, yeni texnologiyaların tətbiqi və bu sahədə QSC ilə “Diemme S.P.A.” şirkəti arasında əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Qərara alınmışdır ki, yeni qurğuların seçilməsi və tətbiqi təmizlənəcək neft şlamının və çirklənmiş torpaqların xarakterindən birbaşa asılıdır. Odur ki, QSC həm neft şlamı, həm də təmizlənəcək torpaq nümunələrini laborator tədqiqatlar üçün, xüsusi formada “Diemme S.P.A.” şirkətinə göndərməlidir. Şirkət isə analizlərin nəticəsindən asılı olaraq qurğularını təklif edəcəkdir. Daha sonra QSC-nin rəhbərliyi və mütəxəssislərinin iştirakı ilə torpaqların təmizlənməsi, uyğun texnika və texnologiyaların tətbiqi sahəsində geniş fikir mübadiləsi aparılmışdır.