“Ekol Mühəndislik Xidmətləri” QSC xarici əlaqələrini genişləndirir
Bakı, 29 iyun (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) həyata keçirdiyi ekoloji layihələrin beynəlxalq standartlar səviyyəsində icra edilməsi məqsədi ilə dünyada fəaliyyət göstərən analoji şirkətlərin qabaqcıl təcrübələrindən bəhrələnməyə, müasir texnika və texnologiyalardan istifadə etməklə maddi-texniki bazasının gücləndirilməsinə böyük əhəmiyyət verir. Xarici əlaqələrin genişləndirilməsi, əməkdaşlıq əlaqələrinin qurulması, yeni texnika və texnologiyaların istehsalata tətbiq olunması QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Elə bu məqsədlə də QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev bu yaxınlarda İtaliyanın Luqo şəhərində xidməti ezamiyyətdə olmuşlar.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun nümayəndə heyəti 1923-cü ildən Luqo şəhərində fəaliyyət göstərən və dünyada tanınmış “Diemme S.P.A” şirkətində olmuş, şirkətin rəhbərliyi ilə görüşmüşdür. Tərəflər öz fəaliyyət sahələri barədə məlumat vermiş, qarşılıqlı əməkdaşlıq əlaqələrinin bəzi məqamları müzakirə edilmişdir. Sonra QSC rəhbərliyi “Diemme S.P.A” şirkətinin neftlə çirklənmiş torpaqların yuma üsulu ilə təmizləmə qurğusu ilə yaxından tanış olmuşdur. Şirkətin əməkdaşları tərəfindən qurğunun iş prinsipi və texniki göstəriciləri haqqında QSC rəhbərliyinə ətraflı məlumat verilmişdir. Görüşdə qərara alınmışdır ki, “Diemme S.P.A” şirkətinin mütəxəssisləri Azərbaycana gələrək şəraitlə yerində tanış olsunlar və bu istiqamətdə ikitərəfli görüşlər davam etdirilsin. Yerli şərait qiymətləndirildikdən və qarşılıqlı şərtlər razılaşdırıldıqdan sonra qurğu barədə təkliflər paketi QSC-yə təqdim edilsin.