Ekologiya İdarəsi “Beynəlxalq dəniz günü” və “Planetimizi zibillikdən təmizləyək” aksiyası keçirmişdir
Bakı, 1 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi “Beynəlxalq dəniz günü” və “Planetimizi zibillikdən təmizləyək” aksiyalarını keçirmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ekologiya İdarəsinin, “Azərikimya” və “Azneft” İstehsalat birliklərinin təşkilatçılığı ilə Sumqayıt şəhərində və Pirallahı adasında yerləşən “Abşeronneft” NQÇİ-nin ərazisində bir sıra ekoloji tədbirlər keçirilmişdir. Aksiya çərçivəsində Xəzər dənizinin sahilində məktəblilərdən təşkil olunmuş komandalar arasında “Kim daha çox zibil toplayar” adlı yarış keçirilmişdir. Yarış iştirakçıları əvvəlcədən müəyyənləşmiş ərazilərdə yarım saat ərzində müxtəlif çeşiddə tullantıları toplayaraq, aksiyaya dəstək olduqlarını nümayiş etdirmişlər. Sonda yarışın qalibləri Ekologiya İdarəsinin və “Azərkimya” İB-nin nümayəndələri tərəfindən diplomlarla mükafatlandırılmış və iştirakçılara müxtəlif hədiyyələr paylanılmışdır.
Xatırladaq ki, 1978-ci ilin sentyabrın 24-də BMT-nin, eləcə də Dövlətlərarası Dəniz Məşvərəti Təşkilatı Assambleyasının 10-cu sessiyasının qərarı ilə hər il sentyabrın sonuncu həftəsi “Beynəlxalq Dəniz günü“ kimi qeyd olunur. Məqsəd - dünyanın diqqətini hər ilin bu günlərində okean və dənizlərin çirklənməsinin və su bioresurslarının qorunmasına yönəltməkdir. Azərbaycanda bu tədbir 2005-ci ildən keçirilir. “Planetimizi zibillikdən təmizləyək” Beynəlxalq aksiyası isə ilk dəfə 1993-cü ildə Avstriyada, dəniz kənarı sahildə keçirilmişdir.