Ekologiya İdarəsi tərəfindən yeni təlimat hazırlanmışdır
Bakı, 10 oktyabr (AZƏRTAC). ARDNŞ-in Ekologiya İdarəsinin mütəxəssisləri BMT-nin Sənaye İnkişafı Təşkilatı tərəfindən tərtib olunmuş sənədlərə əsasən “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası ilə tənzimlənən Polixlorbifenil (PXB) maddəsinin təyin edilməsinə dair təlimat hazırlamışlar.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sənəd ekoloqlar, ətraf mühitin mühafizəsi və tədqiqatlar laboratoriyasının mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində, Əməliyyat Şirkətləri və Birgə Müəssisələrdə PXB-li elektrik avadanlıqlarının inventarlaşdırılması üzrə təlimat” adlanan bu sənəd artıq praktikada tətbiq olunmağa başlamışdır. Təlimatda PXB birləşmələrin adı, düsturu, canlı orqanizmlərə təsiri, bununla əlaqədar mövcud sanitar-gigiyenik normalar, PXB-lərlə bağlı Konvensiyadan irəli gələn məsələlərin həlli yolları haqqında məlumatlar əksini tapmışdır. Bundan əlavə, inventarlaşdırma prosesinin mərhələləri həmin təlimatda təfsilatı ilə izah olunmuşdur.
Respublikamızın “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvesiyasına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə əsasən, ölkənin müəssisə və təşkilatları tərəfindən PXB tərkibli yağ və avadanlıqların aşkarlanması, nişanlanması, saxlanması, ekoloji cəhətdən təmiz üsullarla ləğvi həyata keçirilməlidir. ARDNŞ-in Ekologiya İdarəsi artıq bu məqsədlə inventarlaşdırma işlərinə başlamışdır.
Müvafiq iş proqramı əsasında həyata keçirilən bu tədbirlərin tezliklə yekunlaşdırılması, hesabatın hazırlanması və dərc olunması nəzərdə tutulur.