Ekologiya idarəsində “Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi” layihə sənədinin işlənilməsinə başlanılmışdır
Bakı, 11 oktyabr (AZƏRTAC). “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neftqaztikinti” Tresti tərəfindən “28 May” neft-qaz çıxarma idarəsinin “Günəşli” yatağında inşası nəzərdə tutulmuş 7 nömrəli dərin dəniz özülünün “Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi” layihə sənədinin işlənilməsinə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, neft-qaz yataqlarında aparılan işlərin Xəzər dənizi ekosisteminə təsir parametrlərinin müəyyənləşdirilməsi və “Günəşli” yatağında layihə-smeta sənədinə uyğun tikiləcək 7 nömrəli dərin dəniz özülündə inşa işlərindən əvvəl adıçəkilən layihə sənədinin işlənilməsi məqsədi ilə ekologiya idarəsinin ekoloji monitorinq departamentinin əməkdaşları tərəfindən özül tikiləcək akvatoriyada ətraf mühitin ilkin vəziyyətini qiymətləndirmək üçün ekoloji tədqiqat işləri aparılmışdır.
Monitorinq zamanı seçilmiş stansiyalardan dəniz suyunda fitoplankton və zooplankton nümunələri, dəniz dibindən dib çöküntüləri, bentos nümunələri götürülmüş, dəniz suyunun fiziki-kimyəvi parametrləri yerində instrumental “Professional Plus” cihazlı vasitəsilə qiymətləndirilmişdir.
Kompleks analitik təhlillərin aparılması üçün hər bir stansiyadan götürülmüş su, dib, bentos, plankton nümunələri idarənin kompleks tədqiqatlar laboratoriyasına göndərilmişdir.