Ekologiya və təbii sərvətlər naziri Bərdə şəhərində vətəndaşları qəbul etmişdir
Bərdə, 18 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq aprelin 18-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Bərdə şəhərində vətəndaşları qəbul etmişdir.
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında keçirilən qəbulda Bərdə, Ağcabədi, Zərdab, Tərtər, Ağdam , Xocavənd və Laçın rayonlarından olan vətəndaşlar iştirak etmişlər.
Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda 50-yə qədər vətəndaşın müraciətinə baxılmışdır. Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı olmuşdur.
Qəbulda vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapmış, digərlərinin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Nazirliyin strukturuna aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.