“Ekoloji laboratoriya”nın növbəti təlimi uşaqlar üçün maraqlı olub
Bakı, 18 may, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində enerji mövzusuna dair növbəti təlim keçirilib.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində keçirilən təlimdə 5-8 yaşlı uşaqlara elektrik enerjisi, alternativ enerji mənbələri haqqında ümumi məlumatlar verilib, o cümlədən enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılıb.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, balaca “ekoloqlar”, həmçinin elektrik təhlükəsizliyi tədbirləri ilə də tanış olublar. Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında, müxtəlif müsabiqələrdə və bir sıra sınaqların keçirilməsində iştirak ediblər, limon, kartof və almadan enerjinin alınması prosesinin əyani şahidi olublar.
Daha sonra “ekoloji laboratoriya”nın iştirakçıları alternativ enerji ilə işləyən robotlarla oynamaq imkanı əldə ediblər.
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca beşinci təlim uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onlara enerjinin insan həyatındakı rolunu çatdırıb.