Ekoloji layihələrin icrasına baxış keçirilmişdir
Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə “SOCAR-Bağlan” QSC tərəfindən H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa yatağının Şağan sahəsində həyata keçirilən ekoloji layihənin icrası ilə tanış olmaq məqsədi ilə əraziyə baxış keçirmişdir. Baxış zamanı məlumat verilmişdir ki, “SOCAR-Bağlan” QSC-yə verilmiş iş sahəsi 69 hektardır və bu ərazinin 38,6 hektarını neft gölməçələri əhatə edir. Bəzi neft gölməçələrinin dərinliyi 3-7 metrədək çatır. Ərazidə təxminən 1 milyon kubmetr neftlə çirklənmiş torpağın təmizlənməsi nəzərdə tutulmuşdur.
“SOCAR-Bağlan” QSC-nin baş direktoru Con Vilyam Hoc layihənin əsas məqsədi haqqında məlumat verərək qeyd etmişdir ki, burada tikiləcək zavod Buzovna ərazisində yerləşən neftlə çirklənmiş torpaqları karbohidrogenlərdən, lay sularını təkrar utilizasiya həddinə qədər bərk maddələrdən və neftdən təmizləməyə imkan verəcəkdir. Bunun da nəticəsində torpaqlar bioloji cəhətdən yararlı vəziyyətə gətiriləcək, mədən ərazisində ekoloji vəziyyətin yaxşılaşmasına nail olunacaqdır.
Sonra Rəfiqə Hüseynzadə H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna sahəsində 3 və 4 nömrəli neft-qazçıxarma sexlərində neftin-suyun kompleks hazırlanması və vurulması məntəqəsinin tikintisi ilə tanış olmuşdur. “Azneft” İstehsalat Birliyi tərəfindən sifariş verilən məntəqənin tikinti-quraşdırma işləri “Neftqaztikinti” tresti tərəfindən həyata keçirilməkdədir. ARDNŞ-nin vitse-prezidenti aparılan işlərin sürətləndirilməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə müvafiq tapşırıqlar vermişdir.