“Ekoloji məktəb” layihəsi uğurla həyata keçirilir
Naxçıvan, 20 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2021-ci ilin mart ayı ərzində keçiriləcək tədbirlər planına əsasən Ekoloji Tərbiyə Mərkəzində “Ekoloji məktəb” layihəsinin davamı olaraq martın 19-da “Qızılgül bitkisinin əkilməsi və ona aqrotexniki qulluq qaydaları” mövzusunda açıq dərnək məşğələsi təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərkəzin həyətyanı sahəsində “Gülçülük və ailə” dərnəyinin rəhbəri Səbinə Hacıyeva tərəfindən tədris olunan məşğələdə dərnək üzvlərinə güllərin əkilməsi, onlara qulluq edilməsi qaydaları əyani şəkildə göstərilib. Bildirilib ki, birinci qulluq bitkinin suvarılmasıdır. Bitki həftədə bir-iki dəfə bol sulanmalıdır. İkinci qulluq qaydası bitkiyə müxtəlif gübrələrin verilməsidir. Yazda və yayda azot gübrəsi verilir ki, bitki yeni pöhrələr versin. Payızda fosfor və kalium bol qönçələməsi üçün vacibdir. Sentyabrdan sonra yalnız sönmüş peyin verilə bilər.
Dərnək rəhbəri qızılgül bitkisinin qədim mədəniləşmə tarixi, təsnifatı, kök sistemi, zoğları, yarpaqları və rəngarəng çiçəkləri haqqında məlumat verib.
Sonra dərnək üzvlərini maraqlandıran suallar cavablandırılıb.