Ekoloji məsələlərin həlli ARDNŞ-nin diqqət mərkəzindədir
Bakı, 16 iyul (AZƏRTAC). İyulun 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində qurumun ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin sədrliyi ilə iclas keçirilmişdir. İclasda şirkətin ekoloji layihələrin idarəedilməsi şöbəsi, Ekologiya İdarəsi, “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və əməliyyat şirkətlərinin nümayəndələri iştirak etmişlər.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmətlərindən istifadə məsələləri müzakirə olunmuş, yeni torpaq və sutəmizləyici qurğuların təqdimatı keçirilmişdir. Tədbirdə R.Hüseynzadə bildirmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar ARDNŞ-nin idarə və müəssisələrində ekologiya sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Ekoloji tədbirlərin həyata keçirilməsinə cari ildə və gələcəkdə də diqqətin yüksək olacağı diqqətə çatdırılmışdır. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun müavini Məzahir Hüseynov təmsil etdiyi cəmiyyətin həyata keçirdiyi ekoloji layihələrin əsas istiqamətləri haqqında məlumat vermişdir. Qurum Abşeron yarımadasında uzun illər neftlə çirklənmiş ərazilərin təmizlənməsi, gölməçələrin qurudulması və yaşıllıq zolaqlarının salınması sahəsində məqsədyönlü tədbirlər həyata keçirməklə Avropa standartlarına cavab verən layihələr reallaşdırmaqdadır. Tədbirdə QSC-nin qurğularının imkanları və onların tətbiqi haqqında geniş danışılmış, İtaliyanın “Diemme” şirkətinin istehsal etdiyi yeni qurğunun təqdimatı olmuşdur. İclasda əməliyyat şirkətlərinin yerlərdə həyata keçirdiyi ekoloji layihələr barədə də danışılmış, çatışmazlıqlar qeyd olunmuşdur. Əməliyyat şirkətlərinin rəhbərlərindən fəaliyyət göstərdikləri ərazinin neftlə çirklənmiş torpaq sahələrinin təmizlənməsi məsələsinə daha ciddi yanaşmaları tələb olunmuşdur. Əməliyyat şirkətlərinin neftlə çirklənmiş ərazilərində ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən qısa müddətdə kompleks ekoloji monitorinq keçirilməsi və hesabatların hazırlanması qərara alınmışdır.