“Ekoloji sağlam həyat gənclərin gözü ilə” layihəsinin açılış mərasimi olub
Bakı, 14 dekabr, AZƏRTAC
Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “Ekoloji sağlam həyat gənclərin gözü ilə” layihəsinin açılış mərasimi və layihə çərçivəsində “Neft və ekologiya” mövzusunda birinci rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Xətai Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov belə layihələrin gənclərin ekoloji maarifləndirilməsi, həmçinin onların mövcud problemlərə daha yaxından bələd olması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Layihə rəhbəri Aynur Orucova öz çıxışında tədbirin əsas məqsədinin Xətai rayonunda yaşayan, təhsil alan uşaq, yeniyetmə və gənclərin ekoloji biliklərini artırmaq, onlar arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin, təbiətin və sağlamlığın qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılmasından ibarət olduğunu qeyd edib.
Rəssamlar İttifaqının üzvü Sevinc Kərimova müsabiqə iştirakçılarına mövzu haqqında ətraflı məlumat verib.
“Neft və ekologiya” mövzusu üzrə keçirilən müsabiqənin nəticələrinə görə Xədicə Quliyeva birinci, Aysel Xəlilova ikinci, Zibaxanım İbrahimova üçüncü yeri tutublar.
Müsabiqənin qaliblərinə diplom və xatirə hədiyyələri, digər iştirakçılara isə sertifikatlar verilib.