Ekoloji vəziyyətin yaxşılaşdırılması QSC-nin fəaliyyətinin əsas istiqamətidir
Bakı, 10 iyul (AZƏRTAC). Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində qəbul edilmiş dövlət proqramlarının yerinə yetirilməsi istiqamətində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istehsalat sahələrində davamlı kompleks tədbirlər həyata keçirilir və “Ekol Mühəndislik Xidmətləri”Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu tədbirlərdə yaxından iştirak edir.
QSC-nin əsas sifarişçilərindən olan Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) və “Azərneftyağ” neft emalı zavodunun (NEZ) istehsalat sahələrinin yaşayış məntəqələrinə yaxın və əhalinin sıx yaşadığı ərazilərdə yerləşməsi, bu zavodlardan atılan tullantıların təmizlənməsinə və zərərsizləşdirilməsinə xüsusi yanaşma metodları və yeni texnologiyaların tətbiqi zərurətini yaratmışdır.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, 2006-cı ildən başlayaraq hər il orta hesabla Heydər Əliyev adına BNEZ-in 12 milyon kubmetrdən artıq, “Azərneftyağ” NEZ-in isə 11 milyon kubmetrə qədər sənaye çirkab suları norma həddədək təmizlənir və il ərzində hər iki zavodun istehsalat sahələrində təqribən 40 min ton neft şlamı emal edilərək zərərsizləşdirilir. ARDNŞ-nin neft-qaz çıxarma idarələrinin mədən ərazilərində aparılan torpaqların rekultivasiyası və bioremediasiyası da QSC-nin son illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi mühüm tədbirlərdəndir.
Bununla yanaşı, QSC bir çox sifarişçi təşkilatların istehsalat sahələrində ekoloji monitorinq apararaq, ekoloji cəhətdən təmiz istehsalatın təşkilinə dair təkliflərini verir və bu təşkilatların ərazilərində olan tullantıların daşınıb təmizlənməsinə yaxından kömək göstərir.