“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsi davam edir
Bakı, 25 dekabr, AZƏRTAC
Paytaxtın ümumtəhsil müəssisələrində Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə layihəsi çərçivəsində keçirilən “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsi davam edir.
AZƏRTAC xəbər verir ki, nazirliyin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə bildirib ki, iki mərhələsi geridə qalan müsabiqənin məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafının möhkəmləndirilməsi, təbii ehtiyatların qənaətlə istifadəsi və ətraf mühitin mühafizəsi sahəsində məktəblilərdə xüsusi bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Direktor qeyd edib ki, proqramın ilk mərhələsində tullantıların azaldılması məqsədilə təhsil müəssisələrində enerjiyə və suya qənaət tədbirləri həyata keçirilib. Sinif otaqlarında sağlam ekoloji mühit yaratmaq üçün müsabiqənin “Yaşıl dizayn” mərhələsində otaq bitkiləri ilə yaşıllaşdırma işləri aparılıb. “Yaşıl bufet” mərhələsində isə məktəblərdə ekoloji təmiz məhsullar təbliğ edilib. Layihə çərçivəsində şagirdlər tərəfindən 10 tona yaxın kağız tullantısı və plastik qablar toplanaraq təkrar emal üçün təhvil verilib.
Nazirliyin məktəbdənkənar təhsil üzrə sektor müdiri Ayla Həsənova isə həyata keçirilən layihənin məktəblilərin ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakını təmin etdiyini deyib.
Müsabiqənin final mərhələsinə 300 məktəbdən 40-ı vəsiqə qazanıb.
Qeyd edək ki, yekunda “Yaşıl şəbəkə”yə daxil olan ekoloji yönümlü və enerji effektinin tələblərinə uyğun gələn məktəblərin ekoloji pasportlaşdırılması həyata keçiriləcək və “Mənim məktəbim ətraf mühitə diqqətlidir” adlı ekoloji emblem təqdim olunacaq.