Ekoloqlar peşə bayramlarını qeyd ediblər
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramıdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə əvvəlcə nazirliyin kollektivi tərəfindən Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Sonra ekoloqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini anaraq məzarları üzərinə güllər düzüblər.
ETSN-də davam edən tədbirdə nazir Hüseyn Bağırov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də ardıcıl quruculuq işlərinin davam etdirildiyini, yeni-yeni layihələrin həyata keçirildiyini bildirib, qarşıda duran vəzifələr və perspektiv planlar barədə məlumat verib.
H.Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində fərqlənən əməkdaşları nazirliyin fəxri fərmanları ilə təltif edib.
Tədbirin sonunda ETSN-in kollektivi adından dövlətimizin başçısına müraciət qəbul olunub.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkəmizdə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.