Ekspert: Azərbaycan ilə Türkmənistanın iqtisadi əməkdaşlığında tranzit imkanları ön plana çıxır
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin əsas istiqamətlərini enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq təşkil edir. Hər iki ölkə həm rəqabət aparan, həm də bir-birini tamamlayan ticarət tərəfdaşları kimi çıxış edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova səsləndirib.
Ekspert bildirib ki, Azərbaycan və Türkmənistanın Xəzər dənizinə çıxışı iqtisadi əməkdaşlıq üçün mühüm üstünlüklər yaradır: “Hər iki ölkənin Xəzər dənizinə çıxışı var. Enerji sektorunda idxal-ixrac əməliyyatları həyata keçirilir. 2024-cü ildə iki ölkə arasında təxminən 383 milyon dollarlıq ticarət əməliyyatı icra olunub. Bunun 299 milyon dollarını Azərbaycanın, 84 milyon dollarını isə Türkmənistanın ixracı təşkil edib”.
Günay Hüseynovanın sözlərinə görə, ikitərəfli ticarət əlaqələrinin əsasını enerji sektoru, nəqliyyat və logistika sahələri təşkil edir. “Azərbaycan ilə Asiya arasında iqtisadi əlaqələrdə Türkmənistan, Türkmənistan ilə Avropa arasındakı ticarət əlaqələrində isə Azərbaycan mühüm rol oynayır”, – deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, yaxın illərdə Türkmənistan qazının Avropa bazarına ixracı ilə bağlı perspektivlər Azərbaycan üçün də əlavə tranzit imkanları yarada bilər: “Növbəti illərdə Türkmənistan qazının Avropaya ixracı gözlənilir. Bu prosesdə Azərbaycanın vasitəçi və tranzit ölkə kimi ticarət əməliyyatlarında mühüm rol oynaması gözləniləndir”.
Müxbir – Pərvanə Qafarova