Ekspert: Orta Dəhliz Bolqarıstana və Azərbaycana yeni imkanlar yaradır
Bakı, 24 aprel, AZƏRTAC
Orta Dəhlizin inkişafı Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradır.
Bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son buraxılışında beynəlxalq münasibətlər üzrə bolqarıstanlı ekspert Stanislav Baçev bildirib.
Onun sözlərinə görə, bu marşrut qlobal “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsidir və qlobal ticarət, logistika arxitekturasının transformasiyasını əks etdirir. Ekspert hesab edir ki, Bolqarıstan Çin mallarının Avropaya paylanması prosesində mühüm rol oynaya və bu istiqamətdə əsas qovşaq rolunu oynaya bilər.
Baçev əlavə edib ki, kimya sənayesi, qida emalı, məişət texnikası istehsalı və hərbi-sənaye sektoru iki ölkə arasında perspektivli əməkdaşlıq sahələrinə daxildir.
“Azərbaycan Bolqarıstan məhsullarının Avropa İttifaqı da daxil olmaqla regional bazarlara geniş çıxışını asanlaşdıra, bu sahədə mühüm vasitəçi və tranzit platforması qismində çıxış edə bilər”, - deyə o bildirib. Ekspert əlavə edib ki, qarşılıqlı investisiya və ticarət sazişlərinin, o cümlədən birbaşa çatdırılma və çevik logistika modellərinin inkişafı iki ölkə arasında uzunmüddətli və davamlı tərəfdaşlığın təməlini qoyur.
Müəllif - Tamilla Məmmədova