“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycanda ilk dəfə təşkil olunan “El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, festivalın son günü Opera Studiyasında keçirilib. Tədbirdə tanqo sənətinin inkişafına töhfə verən rəqqaslar, müəllimlər və tanqo həvəskarları bir araya gəliblər.
Yekun konsert proqramında beynəlxalq səviyyəli “La Argenta Típica” orkestri çıxış edib.
Konsertdə Neri və Yanina, Viktoriya Lizunova və Xesus Qorqone, həmçinin Maks İzvekov və Katerina Zak da öz çıxışları ilə festival proqramına rəng qatıblar.
Festival günlərində ustad dərsləri, konsert proqramları, rəqs gecələri və müxtəlif mədəni tədbirlər təşkil olunub. Layihə çərçivəsində tanqo həvəskarları dünyaşöhrətli ifaçılar və rəqqaslarla görüşmək, onların təcrübəsindən faydalanmaq imkanı əldə ediblər.
Festival tanqo mədəniyyətinin inkişafına, beynəlxalq mədəni əlaqələrin genişlənməsinə xidmət edən əlamətdar tədbir kimi yadda qalıb.