SİYASƏT
Əl-Əzhər Şeyxinin müavini: Dinlərin dəyərindən ətraf mühitin xeyrinə istifadə etmək olar
Bakı, 5 noyabr, AZƏRTAC
COP29-un Azərbaycanda keçirilməsi olduqca önəmlidir. "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti də məhz COP29 çərçivəsindədir. Dinlərin dəyərindən ətraf mühitin xeyrinə istifadə etmək olar. Dövlətlər, beynəlxalq təşkilatlar bu istiqamətdə bir çox addım atıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində Əl-Əzhər Şeyxinin müavini, Əl-Əzhərin Böyük Ülamalar Heyətinin üzvü Mohammed Abdelrahman Muhamed EIDveny deyib.
Dinin insanları birləşdirən inanc olduğunu vurğulayan Əl-Əzhər Şeyxinin müavini qeyd edib: “İqlim dəyişikliyi probleminin həlli istiqamətində birlikdə hərəkət etmək lazımdır. Bu, insan varlığının davamı üçün zəruridir.
İslam dinində ətraf mühitə canlı kimi baxılır və hörmət olunur. Gələcək nəsillərin varlığı bu istiqamətdə görülən işlərdən asılıdır. Məqsədimiz iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq olmalıdır. Düşünürəm ki, maarifləndirmə bu sahədə olduqca önəmlidir və dinlər arasında əlaqə gücləndirilməlidir”.