“Əl-İslah və ət-Tənmiyə” qəzeti: Mərakeş ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri dərinləşdirilir
Rabat, 31 yanvar, AZƏRTAC
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Mərakeş ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri dərinləşdirilir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Mərakeş ilə Azərbaycan arasında coğrafi uzaq məsafənin iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin davamlılığına və gündən-günə dərinləşməsinə təsir etmədiyi vurğulanır. Qeyd edilir ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Qafqazda, Mərakeş isə Avropa ilə Afrika arasında strateji mövqeyə malik ölkələrdir. Bu baxımdan, hər iki ölkə iqtisadi və sosial əməkdaşlıq, əlaqələrin inkişafı, qitələrarası və dünya sivilizasiyalarının dialoqu istiqamətində fəaliyyət göstərmək üçün geniş imkanlara malikdir.
Siyasi, iqtisadi, sosial və mədəni amillərə əsaslanan əməkdaşlığın əlaqələrin dərinləşdirilməsi və onların davamlılığının təmin edilməsi üçün əsas element olduğunu vurğulayan müəllif-təhlilçi qeyd edir ki, sözügedən məsələnin həlli Mərakeş və Azərbaycan tərəfindən mövcud imkanlara və fürsətlərə uyğun olan əməkdaşlıq xəritəsinin müəyyənləşdirilməsindən asılıdır.
Məqalədə bildirilir ki, Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında tarixi qardaşlıq əlaqələrinin təməli ümummilli lider Heydər Əliyev və Kral II Həsən tərəfindən qoyulan ikitərəfli dostluq münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat