Əlcəzairli hüquq professoru: Prezident İlham Əliyevin Ərəb Sammitindəki çıxışı böyük rezonans yaradıb
Qahirə, 2 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışı istər Əlcəzair, istərsə də ərəb ölkələrinin siyasətçiləri və politoloqları arasında böyük rezonans yaradıb. Dövlətinizin başçısının Qoşulmama Hərəkatının sədri qismində və Sammitin fəxri qonağı statusunda ərəb dünyası üçün bu mühüm tədbirdə iştirakı böyük rəğbətlə qarşılandı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Əlcəzair Universitetinin beynəlxalq hüquq fakültəsinin professoru Yusif Huri söyləyib. O əlavə edib: “Prezident İlham Əliyev ərəb ölkələrində, o cümlədən Əlcəzairdə böyük nüfuza malik olan siyasətçidir. Biz, ölkənizin dostları onun çıxışını diqqətlə dinlədik. Beynəlxalq hüququn və ədalətin üstünlüyünə, sülh və sabitliyə sədaqətini bir daha nümayiş etdirən Azərbaycanın dövlət başçısı vurğuladı ki, onun ölkəsi də Əlcəzair kimi işğaldan əziyyət çəkib, Ermənistanın təcavüzünə və hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımına məruz qalıb. O, BMT Baş katibinin də iştirak etdiyi Sammitdə vurğuladı ki, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə rəğmən Ermənistan 30 ilə yaxın müddətdə ərazilərin 20 faizini işğal altında saxlamağa davam edib. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək torpaqlarını güc yolu ilə azad etdi”.
Prezident İlham Əliyevin Əlcəzairə səfərinin iki dost ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ olacağını qeyd edən professor Y.Huri deyib: “Azərbaycanın dövlət başçısının Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsi bizim ölkənin ictimaiyyətində rəğbətlə qarşılanıb. O, bu barədə Sammitdəki çıxışında da danışdı. Prezident İlham Əliyev vurğuladı ki, Milli Mücahidlər Muzeyini ziyarət edərkən ona Fransanın işğalı zamanı fransızların 5 milyondan çox mina basdırdığı barədə məlumat verilib. Dövlət başçısı bildirdi ki, bu vəziyyət ona öz ölkəsinin də üzləşdiyi analoji problemləri xatırlatdı. Belə ki, Ermənistan işğal zamanı Azərbaycan ərazilərində bir milyondan çox mina basdırıb, bunun nəticəsində müharibədən sonra 260-dan çox azərbaycanlı həlak olub, yaxud yaralanıb.
Daha bir mühüm məqam ondan ibarət oldu ki, əlcəzairli həmkarına təşəkkürünü bildirən Prezident İlham Əliyev Ərəb Sammitinə dəvəti dostluq və qardaşlıq əlaməti kimi qiymətləndirdi. O, həmçinin Prezident Abdelmacid Tebbunu və xalqımızı Azadlıq Günü münasibətilə təbrik etdi, belə bir əlamətdar gündə ölkəmizi ziyarət etməkdən məmnunluğunu ifadə etdi”.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə